Seysmik stansiyaların regionlar üzrə məsul şəxsləri hesabatları təqdim ediblər
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) ölkə ərazisində yerləşən seysmik stansiyaların əməkdaşları üçün təlim keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli respublikanın ayrı-ayrı bölgələrində yerləşdirilən seysmik stansiya rəhbərləri və əməkdaşları üçün hər il belə təlimlərin keçirildiyini bildirib. Baş direktor deyib ki, mərkəzin stansiyaları ən müasir avadanlıqla təchiz olunub. Lakin hər il məlumatların emalında yeni texnologiyalar tətbiq edilir. Bu baxımdan da RSXM-də ənənəvi olaraq hər ilin sonunda stansiyaların əməkdaşları üçün belə tədbirlər keçirilir.
Baş direktorun müavini Ramiz İsgəndərov stansiyalarda qışa hazırlıq işləri barədə danışıb. İclasda seysmik stansiyaların regionlar üzrə məsul şəxsləri il ərzində görülmüş işlər barədə hesabatlarını təqdim ediblər. Həmçinin seysmik stansiyalarda yerləşdirilən avadanlığın texniki vəziyyəti, bu sahədə yeni texnologiyaların tətbiqinə dair müzakirələr aparılıb.
Sonda təlim iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.