Şimal qütbü bir ildən sonra yoxa çıxa bilər
Bakı, 10 iyun, AZƏRTAC
Şimal qütbünün buz örtüyü yaxın gələcəkdə əriyə bilər. Kembric Universitetinin iqlimşünası Piter Bodhems hesab edir ki, bu proses bir il ərzində baş verəcək. Maraqlıdır ki, həmkarlarının çoxu onunla razıdır.
AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, bir çox iqlimşünasların fikrincə, Şimal qütbünün yoxa çıxması ssenarisinin reallaşması üçün təbiətə bir neçə il lazımdır. Amma P.Bodhems iqlim dəyişmələri məsələləri ilə çoxdan məşğul olur və hesab edir ki, bütün bunlar daha tez baş verəcək. O, “National SnowandIce Data Centre” tədqiqat mərkəzinin (ABŞ) məlumatlarını öyrənərək bildirib ki, buz örtüyünün sahəsi 2016-cı il iyunun 1-i üçün azalıb.
Hazırda buz örtüyü 11,1 milyon kvadratkilometr sahəni əhatə edir. Son 30 ildə orta göstərici 12,7 milyon kvadratkilometr təşkil edib. Alim öz hesablamalarını və əldə etdiyi məlumatları tutuşdurub. Məlum olub ki, Şimal qütbünün buzları yaxın bir ildə, ən son halda 2017-ci ilin sentyabrına qədər əriyə bilər. Məsələ bundadır ki, Rusiya sahillərində buz əmələ gəlmir. Buna görə də Şimal Buzlu okeanda suyun temperaturu artır. Ərimə prosesi zamanı min il əvvəl donmuş metan üzə çıxır. Qaz atmosferə yayılır və qlobal istiləşmə proseslərini gücləndirir. Bu prosesin qarşısı alınmasa, beş il sonra Yer kürəsində temperatur 0,6 dərəcə yüksələcək, nəticədə suyun səviyyəsi artmağa başlayacaq. Bundan əlavə, duzlu su ilə içməli suyun qarışması, su dövranının pozulması istisna olunmur ki, bu da Yer kürəsini dağıdıcı proseslərlə üz-üzə qoya bilər.