Sinqapurda keçirilən təlim kursunda “Azərbaycan-Odlar Yurdu” adlı təqdimat olmuşdur
Bakı, 8 noyabr (AZƏRTAC). Sinqapur şəhərində “İqlim dəyişikliyi və enerji dayanıqlığı” mövzusunda təlim kursu keçirilmişdir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki,
kursda Azərbaycanı agentliyin əməkdaşı Rasim Məmmədov təmsil etmişdir.
Kursda Sinqapur Ekologiya İnstitutunun alimlərinin ətraf mühit, iqlim dəyişikliyi, enerji dayanıqlığı və enerji səmərəliliyi mövzularında mühazirələri dinlənilmiş, ölkədə aparılan yaşıllaşdırma siyasəti, tullantıların utilizasiyası, çirkab sularının təmizlənməsi barədə məlumatlar verilmişdir.
Bundan əlavə, Beynəlxalq Enerji Agentliyinin “İqlim dəyişikliyi və enerji dayanıqlılığı” mövzusunda təqdimatı olmuşdur.
Təlim kursunda, həmçinin inkişaf etməkdə olan dövlətlərdə alternativ və bərpa olunan enerji inkişafının mövcud durumu və təmiz, yaşıl enerji məsələləri və buna verilən önəm ətrafında fikir mübadiləsi aparılmışdır.
Ölkəmizlə bağlı “Azərbaycan-Odlar Yurdu” adlı təqdimat keçirilmiş, respublikamızda aparılan quruculuq işləri barədə geniş məlumat verilmişdir. Habelə alternativ və bərpa olunan energetika sahəsindəki inkişafdan, enerji dayanıqlılığı, enerji səmərəliliyinin artırılması, ətraf mühitin qorunması, qlobal istiləşmənin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilmişdir.
Eyni zamanda, Azərbaycan haqqında videoçarx nümayiş olunmuş, Prezident İlham Əliyevin enerji siyasəti, alternativ və bərpa olunan energetikaya göstərdiyi diqqət və qayğıdan danışılmışdır.