CƏMİYYƏT
Şirvanda may-iyun aylarında narkotikə görə 33 nəfər tutulub
![Şirvanda may-iyun aylarında narkotikə görə 33 nəfər tutulub](/files/2023/2/1200x630/1688382014207164709_1200x630.jpg)
Bakı, 3 iyul, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının bu ilin may-iyun ayları ərzində şəhər ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq cinayətləri edən ümumilikdə 62 nəfər saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxslərdən 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən 5 kiloqramdan artıq heroin və metamfetamin, 5 kiloqram 410 qram marixuana, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri çıxarılıb.
Həmçinin qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 14, evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 9, vətəndaşlara qarşı soyğunçuluq edən 3, qəsdən sağlamlığa zərər vuran 1 və xuliqanlıq edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb.
Araşdırmalar davam etdirilir.