SİVİLİZASİYALAR ARASINDA ƏDAVƏT TOXUMU SƏPƏNLƏRİN ƏMƏLLƏRİ QƏTİYYƏTLƏ PİSLƏNİLMİŞDİR
İnstitutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev islam dininə etiqad edən milyonlarla insanın mənəvi dəyərlərinin təhqir olunması ilə bağlı yaranmış vəziyyətə münasibət bildirərək, bu hərəkəti “söz azadlığı” anlayışı arxasında gizlənən, müəyyən qüvvələrin xalqlar və dövlətlər arasında dinc birgəyaşayış qaydalarına, beynəlxalq sülh və təhlükəsizliyə qarşı yönələn çirkin təxribatı olduğunu söyləmişdir. Qeyd olunmuşdur ki, sivilizasiyalar arasında ədavət, ayrı-seçkilik toxumu səpən bu məkrli fəaliyyət bütün dövlətlər tərəfindən qəbul edilmiş beynəlxalq hüququn norma və prinsipləri ilə daban-dabana ziddir.
Tədbirdə AMEA-nın İnsan Hüquqları İnstitutunun müzakirə olunan məsələ barədə İnsan Hüquqları üzrə Beynəlxalq Elmi Şuraya və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ünvanladığı müraciətin mətni oxunmuşdur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov, hüquq elmləri doktoru Namiq Əliyev, Milli Məclisin deputatı Rövşən Rzayev, ictimai xadim Zərifə Salahova, professor Rövşən Xəlilov dəyirmi masada çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirmiş dinlərarası münasibətləri kəskinləşdirən bu cür halların qarşısının qətiyyətlə alınmasının vacibliyini vurğulamışlar.