“SKAL BAKI” təşkilatının 17-ci toplantısında mühüm məsələlər müzakirə olunub
“SKAL BAKI” təşkilatının (“Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası - SKAL İnternational”ın Bakı klubu) 17-ci toplantısı keçirilib.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantını “SKAL BAKI” klubunun prezidenti, Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov açaraq təşkilatın ötən dövr ərzindəki fəaliyyətini şərh edib. Eyni zamanda ATİ və “New Baku” hotelinin özəl sektor və bu ali təhsil ocağının tələbələri üçün (“SKAL BAKI” üzvləri üçün güzəştli) təşkil etdikləri təlimlərin əhəmiyyətindən danışıb.
Natiq son illər Prezident İlham Əliyevin turizm sahəsinin inkişafı naminə gördüyü işləri yüksək qiymətləndirərək vurğulayıb ki, ölkə başçısının məhz turizm sənayesinin strateji məqsədlərinə dair təklif və tövsiyələri yaşından asılı olmayaraq, ömrünü bu sahəyə həmişəlik bağlayan hər bir insanı mütərəqqi yeniliklərdən faydalanmağa səfərbər edir.
“SKAL BAKI” klubunun vitse-prezdenti Ceyhun Aşurovun təşkilatla bağlı, AZCB (Azerbaijan Convention Bureau) icraçı direktoru Florian Sengstschmidun isə dünyada və Azərbaycanda müvafiq sahənin dinamik inkişaf göstəricilərinə dair geniş təqdimat-çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.