SLOVAKİYA ETİBARLI TƏRƏFDAŞ SAYDIĞI AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Parlamentin sədri qonağı yeni təyinatı münasibətilə təbrik etmiş, ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışmış, bildirmişdir ki, Slovakiya 1992-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıdıqdan sonra respublikalarımız arasında diplomatik əlaqələr qurulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Slovakiyaya rəsmi səfəri zamanı imzalanmış sənədlər əlaqələrimizin inkişafı üçün hüquqi baza yaratmışdır. Bu gün siyasi münasibətlərimiz inkişaf etsə də, iqtisadi-ticarət əlaqələrimizdə müəyyən gerilik vardır. Parlamentlərimiz və hökumətlərimiz mövcud imkanlardan istifadə edərək, bütün sahələrdə münasibətlərimizi genişləndirməli və inkişaf etdirməlidirlər.
Oqtay Əsədov Avqustin Çisarın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulamış və ona uğurlar arzulamışdır.
Səfir Avqustin Çisar ölkəsinin parlamentinin rəhbəri və öz adından Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmişdir. O demişdir ki, Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri münasibətlərimizin hərtərəfli inkişafında yeni mərhələ açmışdır. Slovakiya rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş sayır və əlaqələrin hərtərəfli inkişafında maraqlıdır.
Səfir ölkəmizdəki fəaliyyəti dövründə ölkələrimizin əlaqələrinin hərtərəfli inkişafına çalışacağını və bunun üçün əlindən gələni edəcəyini bildirmişdir.