DÜNYA
Slovakiyada yeni hökumət formalaşdırılacaq

Bratislava, 31 mart, AZƏRTAC
Slovakiyanın dövlət başçısı Zuzana Çaputova Baş nazir İqor Matoviçin istefa ərizəsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident, eyni zamanda maliyyə naziri Eduar Heqerə yeni hökuməti formalaşdırmaq üçün mandat verib. E. Heqerin quracağı yeni hökumətdə İ. Matoviç maliyyə naziri vəzifəsini tutacaq.
Koalisiyalı hökumətdə təmsil olunan iki partiya (liberal-mühafizəkar “İnsanlar naminə“ və liberal “Azadlıq və Həmrəylik“)
son dövrlərdə İ. Matoviçi özbaşına və dözülməz idarəçilik stilində ittiham edirdilər. Eyni zamanda koronavirus pandemiyası ilə əlaqədar əhali sayına görə Slovakiyanın ən çox ölüm halları qeydə alınan ölkələr sırasında yer aldığına görə hökumət başçısı günahlandırılırdı. Koalisiya tərəfdaşları ilə razılaşma olmadan Rusiya istehsalı “Sputnik V“ peyvəndinin sifariş olunması isə hökumət böhranını pik həddə çatdırdı. İ. Matoviç hazırkı böhran şəraitində ölkədə növbədənkənar parlament seçkilərinə getməmək üçün hökumətin yenidən təşkil olunması ilə razılaşmağa məcbur oldu.
44 yaşlı marketinq eksperti Eduard Heqer İqor Matoviçin rəhbəri olduğu “Adi insanlar və müstəqil şəxsiyyətlər“ (OľaNO) partiyasının mühafizəkar-xristian qanadına mənsubdur. Matoviçdən fərqli olaraq Heqer daha çox ortaq mövqe və ümumi fikirlər üzərində siyasət yürütməsi ilə tanınır. Hökumətdə təmsil olunan dörd partiyanın hamısı yeni Baş naziri dəstəklədiyini bəyan edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava