Sloveniya və Xorvatiyanın pensiya sistemləri öyrənilib
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycanda pensiya islahatlarına dəstək - Faza 2” tvininq layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Sloveniya və Xorvatiyada təlim səfərində olublar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində həmin ölkələrin pensiya təminatı sistemləri barədə ətraflı məlumat əldə edilib, pensiya qurumlarının ekspertləri ilə görüşlər keçirilərək fikir mübadiləsi aparılıb.
Görüşlərdə sosial təminat sahəsində son illər ölkəmizdə aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, pensiya təminatının avtomatlaşdırılmış qaydada proaktiv şəkildə həyata keçirilməsi ilə bağlı nazirliyin əməkdaşları tərəfindən geniş məlumat verilib.
2022-ci il iyulun 21-də Avropa İttifaqı (Aİ), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən 2022-ci il avqustun 2-dən Aİ-nin “Azərbaycanda pensiya islahatlarına dəstək - Faza 2” tvininq layihəsinin icrasına başlanılıb.
Layihə sığorta-pensiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsini, dövlət pensiya təminatı sistemində əhaliyə göstərilən bütün növ xidmətlərin avtomatlaşdırılmasına nail olunmasını, keyfiyyət və kəmiyyət analizlərinin və təhlillərin təkmilləşdirilməsini və s. nəzərdə tutur. Layihəyə Litva, İtaliya, Finlandiya, Belçika və digər ölkələrin ekspertləri də cəlb edilib.