Sloveniyada Xocalı qurbanlarının xatirəsi yad olunub
Maribor, 19 fevral, AZƏRTAC
Fevralın 18-də Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bu faciə qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli, səfirliyin nümayəndə heyəti, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyası, Avropanın Mühüm Məzarlıqlar Assosiasiyası və yerli ictimaiyyətin nümayəndələri Dobrava Memorial Park Kompleksi ərazisində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1992-ci ildə azərbaycanlı mülki əhaliyə qarşı baş vermiş Xocalı soyqırımının qurbanlarına həsr olunmuş xatirə lövhəsi önünə əklillər qoyublar.
Səfir R.Sadıqbəyli bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə güclü bombardmanlardan sonra şəhər müxtəlif istiqamətlərdən işğal olunub. Hücum keçmiş SSRİ-nin mövcudluğundan sonra ərazidə qalan 366 saylı motoatıcı alayın hərbçilərinin bilavasitə iştirakı ilə Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilib.
Hücum və şəhərin işğalı nəticəsində 106 qadın, 63 uşaq və 70 ahıl olmaqla 613 dinc sakin qətlə yetirilib. Daha 1000 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Bu günə kimi 150 Xocalı sakini itkin düşüb, onların aqibəti barədə məlumat yoxdur.
Beynəlxalq məhkəmələr və təşkilatlar Xocalıda törədilən vəhşiliyin ağırlığını etiraf ediblər. Avropa İnsan Haqları Məhkəməsi Xocalıda törədilən qətliamın “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlərə bərabər ola biləcək xüsusi ağırlıqlı hərəkətləri” əhatə etdiyi qənaətinə gəlib. Lakin bu cinayətləri törədənlər məsuliyyətə cəlb edilməyib. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təcavüz aktı onun illərdir yaşadığı cəzasızlığın məntiqi nəticəsi idi.
1990-cı illərin əvvəllərində tətbiq etdiyi vəhşi müharibə üsulları kimi, Ermənistan 2020-ci ilin sentyabrında yenidən təxribat törədib və Azərbaycanın münaqişə zonasından çox uzaqda yerləşən və dinc əhalinin yaşadığı şəhər, qəsəbə və kəndlərini ayrı-seçkilik etmədən və ya qeyri-mütənasib şəkildə atəşə tutub. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Hazırda Azərbaycanın prioritetləri münaqişədən sonrakı yenidənqurma, reabilitasiya və reinteqrasiyadır. Xocalı soyqırımı kimi xüsusi qəddarlıqla törədilmiş cinayətlərin tanınması əsl sülh və barışığın ilkin şərti və zəruri tərkib hissəsidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Maribor