Sloveniyadakı yeganə məscid bu ölkənin ən yaxşı memarlıq layihəsi adına layiq görülüb
Lyublyana, 25 iyun, AZƏRTAC
Sloveniyanın paytaxtı Lyublyanada inşa edilən və ölkədə minarəli tək məscid olma xüsusiyyəti daşıyan Lyublyana məscidi bu ölkənin memarlıq üzrə nüfuzlu Pleçnik mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, məscid və mədəniyyət kompleksi “Sloveniyada ən yaxşı memarlıq layihəsi” nominasiya üzrə qalib gəlib. Münsiflər heyətinin rəyinə görə, memarlar Matiya Bevk, Vasa Peroviç və Xristof Rissin müəllifi olduğu kompleks təkcə ölkə üçün deyil, həmçinin Avropa kontekstində qeyri-adi xüsusiyyətlərə malikdir. Memarlar bu layihəyə hərtərəfli yanaşaraq, öz konsepsiyalarını həm şəhərin memarlıq ansamblına uyğun tərtib ediblər, eyni zamanda, fərdi memarlıq elementlərini ardıcıl şəkildə həyata keçirə biliblər.
Pleçnik mükafatı 1973-cü ildən bəri Sloveniya Memarlar Cəmiyyəti tərəfindən ölkədəki ən yaxşı memarlıq layihələrinə verilir. Mükafat tanınmış sloven memarı Yoje Pleçnikin (1872-1957) xatirəsinə təsis edilib.
Qeyd edilməlidir ki, Lyublyanada ilk və tək məscid olan Lyublyana məscidinin inşasında xarici görünüşünə görə müqəddəs Kəbənin formasına istinad edilmişdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana