İQTİSADİYYAT
SOCAR ilə Aberdin Qazma Məktəbi kadr hazırlığı sahəsində əlaqələri müzakirə ediblər
Bakı, 11 mart, AZƏRTAC
SOCAR-ın Aberdin Qazma Məktəbi ilə kadr hazırlığı sahəsində əlaqələri müzakirə olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Şotlandiyanın Aberdin Qazma Məktəbinin biznesin inkişafı üzrə meneceri Tom Donnelli, “Falck Safety Services” şirkətinin səriştəlilik xidmətləri üzrə meneceri xanım Karen Bellu və şirkətin Bakı ofisinin icraçı direktoru Turxan Məmmədzadə ilə keçirilən görüşdə danışılıb.
Görüş zamanı TTSİ-nin rəisi Fuad Süleymanov idarənin və təlim mərkəzlərinin fəaliyyətindən söz açıb, tətbiq olunan standartlar və əldə edilmiş akkreditasiyalar haqqında məlumat verib. F.Süleymanov BP, “BosShelf” və digər şirkətlər ilə işgüzar əlaqələr çərçivəsində kadr hazırlığı proqramına və icra göstəricilərinə toxunub, müəssisə və təşkilatların İSO standartları üzrə sertifikatlaşdırılmasında TTSİ-nin funksional xidmətlərini qonaqların diqqətinə çatdırıb.
Görüşdə daxili resurslar hesabına Aberdin Qazma Məktəbinin təşkilatçılığı ilə keçirilən təlim kurslarının əhəmiyyəti vurğulanıb.
T.Donnelli TTSİ-nin müasir avadanlıqlara malik Qobustan Regional Təlim Mərkəzində 2015-ci ilin dekabr və 2016-cı ilin yanvar aylarında Aberdin Qazma Məktəbinin təşkilatçılığı ilə Kompleks Qazma İşləri Trestinin 29 nəfər işçisi üçün “Qazma zamanı təzahür və atqıların qarşısının alınması” mövzusunda keçirilmiş kursun əhəmiyyətindən danışıb. Beynəlxalq Qazma Podratçıları Assosiasiyası tərəfindən akkreditə edilmiş bu təlim kursu, eləcə də “Quyuya nəzarət” kursu qazma sahəsində çalışan mühəndis-texniki heyətin zəruri bilik və vərdişlərə yiyələnməsi ilə bərabər, təlimçinin özü üçün də praktiki əhəmiyyət kəsb edir.
Daha sonra “Falck Safety Services” şirkətinin nümayəndələri dəniz platformalarında və qurğularında çalışan işçi heyətin böhran vəziyyətlərində xilas edilməsi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydaları və digər bu kimi spesifik mövzularda kursların keçirilməsi sahəsində təmsil etdikləri qurumun qlobal səviyyədə ixtisaslaşmış bir təşkilat olduğunu qeyd ediblər.