SOCAR-ın mədən ərazilərində 109 minədək müxtəlif növ ağaclara aqrotexniki xidmətlər göstərilir
Bakı, 27 dekabr, AZƏRTAC
SOCAR-ın mədən ərazilərində 109 minədək müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində QSC-nin həyata keçirdiyi layihələrdən biri də “Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrinin (NQÇİ) və Qaz Emalı Zavodunun reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsidir. Hazırda qış mövsümü ilə əlaqədar havaların soyuq keçməsinə baxmayaraq QSC-nin torpaqların rekultivasiyası departamenti (TRD) “Azneft” İB-nin “BibiHeybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərinin mədən ərazilərində, eləcə də Qaz Emalı Zavodunun ərazisində ümumilikdə 108 min 860 ədəd müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Bununla yanaşı, QSC “Azneft” İB-nin NQÇİ-lərinin mədən ərazilərində yaşıllıqların genişləndirilməsi məqsədilə sahələrdə müxtəlif növ ağacların əkilməsini təmin edir.
TRD-nin 1-ci və 2-ci sahələrin işçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər və yaşıllıq sahələrinin damcı suvarma sistemi ilə suvarılması nəticəsində bitkilərin normal inkişafı təmin edilib. Hazırda “Abşeronneft” NQÇİ-nin (Pirallahı) mədən ərazilərində 35 min 500, H.Z.Tağıyev adına NQÇİ-nin Qala ərazisində 4 min 420, “BibiHeybətneft” NQÇİ-nin ərazisindəki 57 min 63 ədəd müxtəlif növ ağac və bəzək kollarına, 320 kvadratmetr istixanada 13 min 200 ağac tinglərinə, Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif növ həmişəyaşıl ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.
“Ekol Mühəndislik Xidmətləri” QSC daxili imkanlar hesabına istehsalat sahələrində qış mövsümü ilə əlaqədar 2 min 550 ədəd müxtəlif növ ağac, 1600 bəzək kolları və 1000 ştillərə qulluq göstərilir.