SOCAR Ukraynada məktəblilərə tibbi dəstlər təqdim edib
Kiyev, 30 dekabr, AZƏRTAC
“SOCAR Energy Ukraine” sosial layihə çərçivəsində məktəblilərə tibbi dəstlər üçün 1 milyon qrivna (25 min dollar) toplayıb.
Bu barədə AZƏRTAC-a “SOCAR Energy Ukraine” şirkətindən məlumat verilib.
Bu vəsaitlə 574 ilkin tibbi yardım çantası alınıb və onlar Ukraynanın müxtəlif bölgələrindəki 12 məktəbə verilib.
İlk tibbi yardım dəstlərində şagirdlərə və məktəb işçilərinə psixoloji yardım göstərilməsinə dair təlimatlar da var. Bu təlimatlar birinci xanım Yelena Zelenskayanın Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Ukrayna Səhiyyə Nazirliyi tərəfindən əlaqələndirilən milli psixi sağlamlıq və psixososial dəstək proqramının yaradılması təşəbbüsünün bir hissəsi kimi hazırlanıb.
İlk tibbi yardım dəstləri sayəsində məktəblilər təhlükə yarandıqda özlərinin və ya ətrafdakı insanların həyatını xilas edə biləcəklər.
Onu da qeyd edək ki, Təhsil və Elm Nazirliyinin məlumatına əsasən bu il məktəblərin 64 faizində ənənəvi təhsil imkanını yaratmaq mümkün olub.
Xatırladaq ki, SOCAR Ukraynada sosial və mədəni layihələrin inkişafına artıq 6 milyon dollardan çox sərmayə qoyub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev