MƏDƏNİYYƏT
“Solo gənclik” layihəsinin icrasına başlanılıb
Bakı, 25 noyabr, AZƏRTAC
“İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə yeni “Solo gənclik” layihəsinin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində ilk konsert Qara Qarayevin ev-muzeyində olub. Musiqisevərlər bəstəkar, pianoçu Nigar Süleymanı dinləyiblər.
Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi Mədinə Səlimova Azərbaycanın zəngin musiqi mədəniyyətinin gənc nəslə çatdırılması və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, müxtəlif illərdə yaradıcı gənclərin fəaliyyətinin stimullaşdırılması sahəsində ciddi tədbirlər görülüb. M.Səlimova qeyd edib ki, layihənin məqsədi gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
Daha sonra Nigar Süleymanın ifasında müxtəlif əsərlər səsləndirilib. Proqramda görkəmli bəstəkarlar Qara Qarayev və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, öz bəstələrini də təqdim edib.
Xatırladaq ki, Nigar Süleyman Bülbül adına orta ixtisas musiqi məktəbində dirijorluq, bəstəkarlıq və nəzəriyyə ixtisasları üzrə təhsil alıb. Daha sonra Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirib. Bir çox yerli və beynəlxalq festival, müsabiqələrin iştirakçısıdır.