CƏMİYYƏT
Son 28 ildə amnistiya aktlarından 100 minə yaxın məhkum yararlanıb
![Son 28 ildə amnistiya aktlarından 100 minə yaxın məhkum yararlanıb](/files/2023/3/1200x630/17032479932882745328_1200x630.jpg)
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanın Ombudsman təsisatının fəaliyyətə başladığı dövr ərzində 6 amnistiya aktı qəbul edilib və 42 əfv fərmanı və sərəncamı imzalanıb.
Bu barədə Ombudsman Aparatından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı Ədliyyə Nazirliyinin hesabında olan 99 min 399 nəfərə şamil edilib. Bura Penitensiar Xidmətin müəssisələrində və Probasiya Xidmətində olan şəxslər aiddir.
Həmçinin qeyd olunur ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında 2021-ci ilin noyabrında “8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı ilə Ədliyyə Nazirliyinin hesabında olan 15 min 447 nəfər şəxs azadlığa qovuşub.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2023-cü illər ərzində 37 əfv sərəncamı imzalanıb, 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 69 əfv fərmanı və sərəncamla 9788 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanlar isə 4258 nəfərə şamil olunub. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.