Son illər Balakəndə 532 mindən çox tut tingi əkilib
Balakən, 30 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yeni tut bağlarının salınması məqsədilə baramaçılıqla məşğul olan təsərrüfatçılara bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göndərilmiş 25 min ədəd Çin mənşəli yerli tut tingi paylanılıb. Tinglərin əkilməsi artıq təmin edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, baramaçılığın inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunması xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin yem bazasının möhkəmləndirilməsi məqsədilə Balakən rayonunda da zəruri tədbirlər həyata keçirilir. Belə ki, son illər rayon ərazisində 532 min 890 ədəd tut tingi əkilib. Bunun 276 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 256 min 890 ədədi isə yerli tut tingləridir.
Xatırladaq ki, builki mövsümdə balakənli kümçülər 31,6 tondan çox yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər.