SON MƏNZİLƏ
Mərhumla vida mərasimi Azərbaycan Tibb Universitetinin (ATU) akt zalında olmuşdur.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər dövlət və hökumət nümayəndələri, alimlər, ziyalılar son borc olaraq mərhumun cənazəsi önündə fəxri qarovulda dayanmışlar.
Matəm mitinqini açan ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov alimin zəngin həyat və fəaliyyəti barədə məlumat vermişdir. AMEA-nın prezidenti Mahmud Kərimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin deputatı Nizami Cəfərov və digər natiqlər alimlə bağlı ürək sözlərini danışmışlar.
Bildirilmişdir ki, Aqil Əliyev Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işlənib hazırlanmasında yaxından iştirak etmiş, əhalinin sağlamlığının qorunması ilə bağlı iqtisadi problemlərin təhlili üzərində ardıcıl çalışmış, respublikada məhsuldar qüvvələrin inkişaf sxeminin hazırlanmasının müəlliflərindən olmuşdur. Alimin iqtisadi islahatların sosial tərəqqidə rolu, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi sahəsindəki araşdırmaları elm ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. O, respublikanın elmi həyatında yaxından iştirak etmiş, fəal ictimai işlə məşğul olmuşdur.
İqtisadçı alim Aqil Əliyevin elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Mərhumun ailəsi adından çıxış edən alimin oğlu İlqar Əliyev atasının xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirmişdir.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi qaldırılaraq Fəxri xiyabana gətirilmişdir. Burada mərhumun ruhuna dua oxundu. İşıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük alim Aqil Əliyevin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!