Sorğu: Polşalılar Varşava merinə daha çox etimad bəsləyirlər
Bakı, 29 iyul, AZƏRTAC
Varşava meri Rafal Tşaskovski ölkə vətəndaşlarının ən çox etimadını qazanan yerli siyasətçilərin reytinqinə başçılıq edir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat IBRiS sosiologiya xidmətinin Onet.pl internet portalının sifarişi ilə keçirdiyi rəy sorğusunun nəticələrində öz əksini tapıb. Belə ki, respondentlərin 43 faizi Rafal Tşaskovskiyə etibar etdiyini bildirib. Lakin ona mənfi münasibət bəsləyənlərin də sayı az deyil - 41,6 faiz.
Reytinqdə ikinci yeri Polşanın Baş naziri Donald Tusk tutub. Respondentlərin 42,9 faizi hökumət başçısına güvəndiyini, 42,4 faizi isə əks fikirdə olduğunu bildirib. Buna baxmayaraq bir ay öncə keçirilən sorğu ilə müqayisədə Donald Tuskun mövqeyində yaxşılaşma qeydə alınıb - o zaman rəyi soruşulan vətəndaşların 51,8 faizi siyasətçiyə etimad göstərmədiyini demişdi.
Polşa Prezidenti Anjey Duda isə ən populyar siyasətçilərin reytinqində üçüncü yerlə kifayətlənməli olub. Belə ki, ona etimad göstərən və güvənməyən vətəndaşların say nisbəti müvafiq olaraq 40,3 faiz və 49,1 faiz təşkil edib.
2025-ci ildə Polşada keçiriləcək prezident seçkilərində adı çəkilən ən populyar üç siyasətçidən yalnız Rafal Tşaskovski namizəd ola bilər. Donald Tusk daha əvvəl prezident seçkilərində iştirak etmək niyyətində olmadığını bəyan edib. Hazırkı Prezident Anjey Dudanın isə artıq iki dəfə ən yüksək hökumət postuna seçildiyi üçün namizəd olmaq hüququ yoxdur.
Qeyd edək ki, iyulun 25-26-da bütün Polşa ərazisində keçirilən sorğuya 1070 vətəndaş qatılıb.