Sosial işçilər və psixoloqlar üçün peşəkar inkişaf təlimi keçiriləcək
Bakı, 16 aprel, AZƏRTAC
Pandemiya və fövqəladə vəziyyətlərdə uşaq hüquqlarının müdafiəsi, onların sosial-psixoloji dəstək xidmətlərinə çıxışının təmin edilməsi, cəmiyyətə reinteqrasiyası istiqamətində fəaliyyətlərin gücləndirilməsi mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla işləyən mütəxəssislərin beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması zəruridir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə fövqəladə hal, xüsusi vəziyyət və pandemiya şəraitində ölkəmizdəki qadın və uşaq sığınacaqlarında çalışan sosial işçilər və psixoloqlar üçün aprelin 19-21-də peşəkar inkişaf təlimi keçiriləcək.
Təcrübəli, peşəkar psixoloq və sosial işçi tərəfindən aparılacaq təlimi uğurla bitirən iştirakçılara Dövlət Komitəsi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən sertifikatla təqdim olunacaq.