SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Ağsu, 31 mart (AZƏRTAC). Ağsuda 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anma mərasimi keçirilmişdir. Müxtəlif nəsillərin nümayəndələrinin qatıldığı mərasimin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsini anmış, məzarları üzərinə çiçəklər qoymuşlar.
Toplantını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açmış, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Füzuli Kərimli “Xalqımızın başına gətirilən faciə“ mövzusunda məruzə etmişdir.
Qeyd olunmuşdur ki, XIX əsrin əvvəllərindən başlayaraq məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə xalqımıza qarşı amansız qırğınlar törətmişlər. 1918-ci ilin mart qırğını zaman-zaman həyata keçirilən soyqırımının ən dəhşətli hadisələrindən biri kimi Azərbaycan tarixinə qanla yazılmışdır. Erməni daşnakları üç gündə təkcə Bakıda 12 min azərbaycanlını - qocaları, qadınları və uşaqları qətlə yetirmiş, qiymətli tarixi abidələri məhv etmişlər. Bu yaxınlarda Qubada aşkarlanan kütləvi məzarlıq erməni daşnaklarının qanlı cinayətlərinin hələ də sona qədər bəlli olmayan miqyasından xəbər verir.
Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanın beynəlxalq aləmdə bu vəhşiliklərə siyasi və hüquqi qiymət verilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılmışdır.
Vurğulanmışdır ki, xalqımıza qarşı əsrlər boyu törədilən soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədaləti bərpa etmək, bu faciənin bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək, bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparmaq hər bir Azərbaycan vətəndaşının qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Bildirilmişdir ki, bu gün Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət erməni qəsbkarlarının məkrli niyyətləri qarşısında keçilməz sipər yaratmışdır. Çox keçməz, getdikcə qüdrətlənən Azərbaycan öz ərazilərini düşməndən azad edəcək, özünü hər cür məkrli niyyətlərdən qorumağı bacaran güclü bir dövlətə çevriləcəkdir.
Sonda beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.