Standartlaşdırma İnstitutunun nümayəndələri “Halal Əczaçılıq” üzrə təlimdə iştirak ediblər
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən təşkil olunan “Halal Əczaçılıq” üzrə təlim kursunda iştirak ediblər.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, iki gün davam edən OIC/SMIIC 50-1:2022 “Halal Əczaçılıq - 1-ci hissə - Ümumi tələblər” standartı üzrə təlimə ümumilikdə SMIIC-ə üzv olan ölkələrdən 50 iştirakçı qatılıb. Halal əczaçılıq sahəsində ilk dəfə keçirilən təlimdə SMIIC və onun fəaliyyəti, OIC/SMIIC 50-1:2022 standartı ilə tanışlıq, OIC/SMIIC 50-1:2022 standartının tələbləri və tətbiqi ilə bağlı qiymətləndirmə üsullarından danışılıb.
Təlimin keçirilməsində məqsəd İslami qaydalara əməl etməklə, halal əczaçılıq məhsulları istehsal edən müəssisələrə, halal məhsullara cavabdeh qurumlara bu növ məhsulların bütün istehsal proseslərində halal statusunun qorunmasını təmin etməyə və istehlakçıların etibarını qazanmağa dəstək göstərmək olub.