STM hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyəti ilə bağlı sorğu keçirib
Bakı, 11 aprel, Elmir Səftərov, AZƏRTAC
Sosial Tədqiqatlar Mərkəzi (STM) vətəndaşların hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətinə dair sorğu keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə respondentlərə “Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən razısınızmı?” sualı ünvanlanıb.
Sorğunun nəticələrinə əsasən, iştirakçıların 61,7 faizi hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən tam razı, 27,3 faizi əsasən razı qaldığını bildirib.
Nəticələrin gender aspektindən təhlili sorğuda iştirak edən kişi və qadınların hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən bərabər səviyyədə razılığını göstərib.
Həmçinin bu sahədə fəaliyyət iştirakçıların təhsil səviyyəsindən asılı olmayaraq, onların əksəriyyəti tərəfindən yüksək qiymətləndirilib.
Analoji nəticə müxtəlif yaşayış məntəqələri, yəni kənd, qəsəbə və şəhər üzrə məskunlaşan respondentlərin rəylərində də müşahidə olunub.
Qeyd edək ki, sorğular 2023-cü il aprelin 1-6-da keçirilib və yaşı 18-dən yuxarı 384 respondent iştirak edib. Könüllü iştirak və anonimlik prinsipləri təmin olunub. Sorğular telefonla müsahibə formasında təşkil olunub və 12 iqtisadi rayonu əhatə edib.