CƏMİYYƏT
Stokholmda “Beynəlxalq İqlim və Ətraf Mühit Həftəsi” başlayıb
Stokholm, 1 iyun, Rauf Əliyev, AZƏRTAC
Stokholmda “Beynəlxalq İqlim və Ətraf Mühit Həftəsi” başlayıb, bu həftə BMT-nin nazirlər konfransı da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Stokholmda “Beynəlxalq İqlim və Ətraf Mühit Həftəsi” bir sıra yüksək səviyyəli görüşlər, həmçinin BMT-nin “Stokholm+50” konfransı və iqlim dəyişikliyi üzrə nazirlərin illik toplantısı ilə başlayır.
Tədbirdə iştirak edənlər arasında BMT-nin baş katibi Antonio Quterreş, həmçinin ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Kerri də olacaq.
Bundan əlavə, İsveç və Keniya 2022-ci il iyunun 2-3-də Stokholmda BMT-nin Yüksək Səviyyəli “Stockholm+50” konfransına birgə ev sahibliyi edəcəklər. Belə ki, cari il İsveçin baş naziri Olof Palmenin təşəbbüsü ilə BMT-nin insan mühitinə dair ilk- Stokholmda keçirilən konfransının 50 ili tamam olur.
“Stockholm+50”nin məqsədi, digər məsələlərlə yanaşı, davamlı və yaşıl cəmiyyətə keçidi sürətləndirmək, daha çox iş yerlərinin yaradılmasına və hamı üçün balanslaşdırılmış mühitin qorunmasına kömək etmək olacaq.
“Dünya ölkələri üzərinə bir çox vədlər və öhdəliklər götürüblər, lakin onların həyata keçirilməsi daha yaxşı ola bilərdi. Əgər bu tendensiyanın qarşısını almaq istəyiriksə, daha çox iş görülməlidir və buna görə də dünya ölkələrinin bir araya gəlməsi və qarşıda duran çıxış yollarını müzakirə etməsi vacibdir”, -deyə İsveçin iqlim və ətraf mühit naziri Annika Strandhall bildirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm