CƏMİYYƏT
Su hövzələrinin qadağan olunmuş ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə keçirilən növbəti reyd zamanı Xəzər dənizinin Xaçmaz rayonu ətrafı və Qaraçay çayından Vəlvələçay çayınadək olan ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov deyib.
O qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir: “Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri bu üsulla balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq.
Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar”.