SUMQAYITDA EKOLOJİ AKSİYA KEÇİRİLMİŞDİR
Sumqayıt, 8 iyun (AZƏRTAC). İyunun 8-də Sumqayıtda təşkil olunan ekoloji aksiya çərçivəsində disputlar, tematik laboratoriya eksperimentləri və uşaqlar üçün “Planeti necə qorumalı?” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbir dünya şöhrətli “BASF” şirkətinin Sumqayıtda fəaliyyət göstərən “BASF Kaspian” törəmə müəssisəsi tərəfindən təşkil olunmuşdur.
Tədbirdə aztəminatlı ailələrdən 25 istedadlı uşaq iştirak etmişdir. Təşkilatçılar və uşaqlar qlobal və mürəkkəb ekoloji problemlərin həlli məsələlərini maraqlı oyun formatında müzakirə etmişlər. Şəhərin gənc jurnalistləri bu mövzuda divar qəzeti hazırlamışlar.
“Planeti necə qorumalı?” kitabının müəllifi, “BASF Kaspian” şirkətinin nümayəndəsi Könül Tiz rəngarəng şəkillərlə illüstrasiya olunmuş nəşr barədə məlumat vermişdir. K.Tizin fikrincə, aksiyanın uğurunun başlıca amili uşaqların hər şeylə maraqlanmaq vərdişi və qavrama qabiliyyətidir”. Kitab uşaqları ətraf mühiti mühafizə metodları ilə tanış edir, onlara təbii sərvətlərdən qənaətlə istifadə etmək vərdişlərini aşılayır. Aksiya iştirakçıları suyun müxtəlif qarışıqlardan təmizlənməsi üçün müasir texnologiyaların tətbiqi ilə laboratoriya sınaqları keçirmişlər.
Dünya kimya sənayesinin lideri “BASF”ın bu aksiyası ilə Azərbaycanda uşaqlar üçün silsilə ekoloji proqramlara start verilmişdir. Şəhərin hər məktəbinin nəzdində fəaliyyət göstərən yay düşərgələrində uşaqlara təbiətə müsbət təsir göstərən proseslər barədə ətraflı məlumat veriləcəkdir.
“BASF Kaspian”ın aksiyaları Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “Ekologiya ili” çərçivəsində keçirilir.
######
![]() |
![]() |

