SUMQAYITDA EKOLOJİ FORUM KEÇİRİLMİŞDİR
Sumqayıt, 5 iyun (AZƏRTAC). Sumqayıtda Ümumdünya Ətraf Mühiti Mühafizə Gününə həsr olunmuş birinci Ümumşəhər Ekoloji Forumu keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və şəhər təhsil şöbəsinin himayəsi ilə keçirilən forum çərçivəsində bir sıra tədbirlər təşkil olunmuşdur. İyunun 5-də əsas tədbirlərə - “Ekologiya və ətraf mühitin mühafizəsi - təbiət bizim sərvətimizdir” mövzusunda uşaq rəsmləri, “Elmi-texniki tərəqqi və ekologiya” mövzusunda inşa, habelə “Tullantıların ikinci həyatı” mövzusunda layihələr müsabiqələrinə yekun vurulmuşdur.
Sumqayıt Dövlət Rəsm Qalereyasında müsabiqələrin qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilmişdir. ARDNŞ-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Soltan Əliyev, “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev, Sumqayıt icra hakimiyyəti və təhsil şöbəsinin nümayəndələri tədbir iştirakçılarını salamlayaraq, ekologiyanın cəmiyyətin həyatında və iqtisadiyyatın inkişafında əhəmiyyətindən danışmışlar. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “Ekologiya ili” çərçivəsində həyata keçirilən işlərdən söhbət açılmış, böyüməkdə olan nəslin ekoloji mədəniyyətinin və dünya görüşünün formalaşmasında maarifləndirmə işinin rolu diqqətə çatdırılmışdır.
Müsabiqələrə 6-13 və 14-18 yaş kateqoriyalarında müəlliflərin işləri təqdim olunmuşdur. İşləri Sumqayıt Ekoloji Təcrübə Sınaq Mərkəzinin ekspertləri seçmişlər. 210 rəsmdən 105-i, 140 inşadan 60-ı seçilmişdir. Üçüncü nominasiyada 110 layihədən 60 iş daha yaxşı hesab edilmişdir.
Münsiflər heyətinin qərarı ilə hər nominasiyada 4 iş birinci, 6 iş ikinci və 8 iş üçüncü yerlərə layiq görülmüşdür. Qaliblərə diplomlar və ARDNŞ-ın xüsusi mükafatları təqdim olunmuşdur.
Mərasimdən sonra toplaşanlar məktəblilərin işlərindən ibarət sərgiyə baxmışlar.