Sumqayıtda ictimai nəqliyyatda karantin qaydalarını pozan 35 şəhər sakini cərimələnib
Sumqayıt, 5 iyul, AZƏRTAC
Sumqayıt şəhərində COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tələb olunan qaydaları pozan sakinlər cərimələnib. Bu məqsədlə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları reyd keçiriblər.
AZƏRTAC xəbər verir ki, reyd zamanı İdarənin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücüləri müəyyən ediblər. Şəxsi təhlükəsizlik məqsədilə istifadə olunan tibbi maskasız sərnişinlər ictimai nəqliyyatdan düşürülüb, sürücülərə xəbərdarlıq edilib.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Reyd zamanı 35 şəhər sakini barəsində inzibati protokol tərtib olunub. Bu protokollardan 20-si ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişinlər, 15-i isə taksi sürücüləri və sərnişinləri barəsində olub.
Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə profilaktik söhbətlər aparılaraq, onlara pandemiya ilə mübarizənin vacibliyi izah edilib.