Sumqayıtda Xocalı faciəsinin 32-ci ildönümü qeyd olunub
Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Xocalı qətliamından 32 il keçir. İllər ötsə də xalqımız bu dəhşətli hadisəni unutmur. Çünki Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir.
AZƏRTAC xəbər verir ki, fevralın 26-da Sumqayıtda yüzlərlə şəhər sakini hər bir azərbaycanlının milli qürur yeri olan Şəhidlər xiyabanına üz tutub.
Vətənimizin igid qəhrəmanlarının əziz xatirəsini yad edənlər arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, idarə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri də vardır.
Xocalı faciəsi qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı abidəsinin önünə tər güllər düzülüb.
Sonra Xocalıdan olan bir qrup keçmiş məcburi köçkünlə görüş keçirilib.