SUMQAYITDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Sumqayıt, 26 fevral (AZƏRTAC). Sumqayıt İcra Hakimiyyətində şəhərdə məskunlaşmış xocalıdan olan ailələrlə görüş keçirilmişdir.
Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev bildirmişdir ki, dinc Xocalı sakinlərinin - günahsız uşaqların, qadınların və qocaların 1992-ci il fevralın 26-na keçən gecə vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqına qarşı əsl soyqırımı faktıdır. V.Əliyev o gecə baş verənləri xronoloji ardıcıllıqla yada salaraq, Xocalı faciəsi məsələsinin Milli Məclisin müzakirəsinə çıxarılmasında və erməni cəlladlarının dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərin miqyasının dünyaya göstərilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır. Dəhşətli faciəyə siyasi qiymət də elə onda verilmişdir.
V.Əliyev demişdir ki, dövlətin qüdrəti onun xalqının rifahı ilə müəyyənləşir. Azərbaycan Prezidenti İlham Əliyev dahi liderin respublikanın tərəqqisinə yönəlmiş siyasi kursunu uğurla və inamla davam etdirir. Hazırda dövlətimiz dünya iqtisadiyyatının diqqət mərkəzindədir, qlobal transmilli layihələrdə iştirak etməklə öz potensialını və qüdrətini nümayiş etdirir. Bu, bizə Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda kömək edir.
V.Əliyev Xocalı faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətini, habelə xarici ölkələrdəki diasporumuzun və diplomatik missiyaların təbliğat işini xüsusi vurğulamışdır.
Xocalıdan köçkün düşmüş ailələrin nümayəndələri o dəhşətli gecəni xatırlayaraq bildirmişlər ki, Xocalı faciəsi bəşəriyyətə qarşı ən qəddar və dəhşətli soyqırımı kimi tarixdə qalacaqdır. Çıxış edənlər Xocalıların problemlərinin həllinə göstərilən daimi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Sumqayıtın müvafiq qurumlarına minnətdarlıqlarını bildirmişlər.
Sonda Sumqayıtda məskunlaşmış 83 Xocalı ailəsinin hər birinə maddi yardım göstərilmişdir.