SUMQAYITDA ZONA MÜŞAVİRƏSİ
Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Hümbətov müşavirəni açaraq bildirdi ki, tədbir “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi İnkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanının yerinə yetirilməsi sahəsində regional hakimiyyət qarşısında duran vəzifələri müəyyənləşdirmək məqsədi ilə keçirilir. O, həmçinin ümidvar olduğunu söylədi ki, müşavirənin iştirakçıları Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan zonalarında problemləri müzakirə edərək, dövlət başçısının daim diqqət mərkəzində olan bu proqramın həyata keçirilməsi yollarını tapa biləcəklər.
Sonra iqtisadi inkişaf naziri Fərhad Əliyev çıxış edərək, Fərmanın yerinə yetirilməsinin gedişindən, indiyədək görülmüş işlərdən danışdı. Bildirildi ki, sahibkarların fəaliyyəti üçün maksimum əlverişli şərait yaradılmış, hüquq mühafizə orqanları tərəfindən onların fəaliyyətinə əsassız müdaxilə halları minimuma endirilmişdir. Bu, sahibkarların qarşısına daha böyük təşəbbüskarlıq göstərmək, dövlət qarşısında öz borclarını vicdanla yerinə yetirmək – vergiləri, kommunal xidmətlərin haqqını vaxtında ödəmək vəzifələri qoyur. O, Prezident Fərmanının uğurla həyata keçirilməsi üçün icra hakimiyyəti strukturlarının, bələdiyyələrin və sahibkarların qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini vurğulayaraq dedi ki, bu, nəticə etibarilə, iqtisadiyyatın dinamik inkişafını təmin edəcək, əhalinin həyat səviyyəsini yaxşılaşdıracaqdır.
Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında regionlara, onların iqtisadiyyatının ardıcıl inkişafına, əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə olunmasına keyfiyyətcə yeni yanaşma nəzərdə tutulan proqramın əhəmiyyətindən danışdı. Bildirdi ki, keçirilmiş elmi konfranslar, alimlərin, Sumqayıt mütəxəssislərinin təhlil və araşdırmaları şəhərin iqtisadi inkişaf konsepsiyasını hazırlamağa imkan vermişdir. Konsepsiyanın 11 təklifi dövlət proqramına daxil edilmişdir.
Sonra açıq, işgüzar dialoq oldu. Xaçmaz, Quba, Ağsu rayonları icra hakimiyyətlərinin başçıları, sahibkarlar kredit verilməsi şərtlərinin dəyişdirilməsi, kənd təsərrüfatı mexanizasiyasının maddi-texniki bazasının yaxşılaşdırılması, aqrar servislər yaradılması, yerli xammalın alınması problemlərinin həlli, onların tariflərinə yenidən baxılması, əmlakın hüquqi müdafiəsi mexanizmlərinin hazırlanması ilə bağlı məsələlər qaldırdılar.
Müşavirə iştirakçıları Sumqayıtın dövlət və özəl müəssisələrinin məhsullarından ibarət sərgi ilə tanış oldular.