CƏMİYYƏT
Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı yayılan əsassız məlumatlar şəhər haqqında yanlış təsəvvür yaradır
![Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı yayılan əsassız məlumatlar şəhər haqqında yanlış təsəvvür yaradır](/files/2013/3/1200x630/14071451131002242967_1200x630.jpg)
Sumqayıt, 6 noyabr (AZƏRTAC). Son zamanlar bəzi kütləvi informasiya vasitələri heç bir əsas olmadan “Blacksmith” İnstitutunun 2007-ci il hesabatındakı şablon və köhnəlmiş məlumatlara istinad edərək Azərbaycanın Sumqayıt şəhərinin dünyanın ən çirkli şəhərlərindən biri olması barədə yanlış məlumatlar yayırlar.
“Blacksmith” İnstitutunun Bakı ofisinin nümayəndəsi Rövşən Abbasovun sözlərinə görə, Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı bu əsassız məlumatlar şəhər haqqında yanlış təsəvvür yaradır. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, “Blacksmith” İnstitutunun 2007-ci ilə qədər nəşr olunan bütün hesabatlarında və həmin ildəki hesabatında köhnə, hətta 20 il əvvəlki məlumatlara istinad edilmişdir.
R.Abbasov vurğulamışdır ki, Sumqayıtın ekoloji vəziyyəti son 10 il ərzində xeyli yaxşılaşmış və bununla bağlı bir müddət əvvəl İnstitutun ABŞ-dakı mərkəzi ofisinin rəhbərlərinə yazılı məlumat göndərilmişdir. Nyu-York ofisindən alınmış cavab məktubunda bildirilir ki, “Blacksmith” İnstitutu Sumqayıtda ətraf mühit riskləri ilə bağlı hesabatını sonuncu dəfə 2007-ci ildə dərc etdirmişdir. Bu, 7 il əvvəlin hesabatıdır, yəni köhnəlmişdir. Odur ki, Sumqayıtın çirklənmə səviyyəsi və sağlamlıq risklərinə dair institutun cari mövqeyini əks etdirmir. Sumqayıtın dünyanın çirkli şəhərləri sırasında öndə olması ilə bağlı Azərbaycan KİV-lərinin yaydıqları informasiyaya görə “Blacksmith” İnstitutu heç bir məsuliyyət daşımır.
Qeyd edək ki, baş ofisi Nyu-York şəhərində yerləşən “Blacksmith” İnstitutu insan sağlamlığı üçün riskli ölkələrdə çirklənmə problemlərinin həlli ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatıdır.