Süni intellekt texnologiyalarının cəmiyyətin müxtəlif sferalarına təsiri ilə bağlı tədqiqatlar aparılacaq
Bakı, 8 fevral, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2021-ci il üçün fəaliyyət planı onlayn formada müzakirə edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, planı təqdim edən şöbənin baş mütəxəssisi Rasim Mahmudov cari ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verib. Qeyd edib ki, bu il intellektual elektron dövlətin formalaşması və inkişafı problemləri, informasiya cəmiyyətinin, internetşünaslığın elmi-nəzəri problemləri istiqamətində araşdırmalar aparılacaq.
R.Mahmudov “E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənilməsi” mövzusu üzrə görüləcək işlərdən danışıb. Bildirilib ki, cari ildə sahələr üzrə e-reyestrlərdə toplanan demoqrafik verilənlərin intellektual analizi üçün modelin işlənməsi, OLAP texnologiyası əsasında demoqrafik proseslərin intellektual analizi üçün modelin işlənməsi, elektron mühitdə demokratik proseslərin qeyri-səlis təkmil modellərinin işlənməsi, informasiya inqilabları və demokratiyanın təkamülünə dair konseptual yanaşmanın hazırlanması nəzərdə tutulur.
O, Dördüncü Sənaye İnqilabının sosial-iqtisadi trendlərinin, informasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının və virtual məkanda dil problemlərinin araşdırılması istiqamətində elmi tədqiqatların aparılacağını diqqətə çatdırıb. Həmçinin e-dövlət mühitində sosial kreditin qiymətləndirilməsi üçün metodların, korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin, etnobotanika informasiya sisteminin işlənməsi mövzuları üzrə yerinə yetiriləcək işlərdən bəhs edib, nəşr olunacaq məqalələr barədə məlumat verib.
Sonra məruzəçi şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyətindən danışıb, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin (2017-2025) həyata keçirilməsinə elmi dəstəyin verilməsi, Viki-Mərkəzin fəaliyyəti və s. ilə əlaqədar bir sıra işlərin yerinə yetiriləcəyini bildirib. Qeyd edib ki, “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarına təqdim olunan məqalələrə mütəxəssis rəylərinin verilməsi də nəzərdə tutulan işlər sırasındadır.
R.Mahmudov cari ildə şöbə əməkdaşlarının “Elmi tədqiqat işləri” bölməsində planlaşdırılan mövzular üzrə uyğun nüfuzlu konfrans, seminar və simpoziumlarda iştirakı barədə məlumat verib. Şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində görüləcək işləri, ikt.az saytının informasiya təminatına mütəmadi dəstəyin veriləcəyini də nəzərə çatdırıb.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini bildirərək, tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.
Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.