Suriyada da Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Azərbaycanın Suriyadakı səfirliyində Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə səfir Mahir Əliyev Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Ermənilərin azərbaycanlılara qarşı dəfələrlə soyqırımları törətdiklərini xatırladan diplomat vurğulamışdır ki, xalqımız bu faciəni heç vaxt unutmayacaqdır.
M.Əliyev bildirmişdir ki, Azərbaycan xalqı başda Ermənistanın prezidenti Serj Sarkisyan olmaqla, Xocalıda qanlı faciəni törədənlərin mühakiməsini tələb edir. Təəssüf ki, indiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən faciəyə müvafiq qiymət verilməmişdir. Diplomat beynəlxalq ictimaiyyətin, xüsusilə də qonşu müsəlman dövlətlərinin Ermənistanın ölkəmizin əleyhinə həyata keçirdiyi təcavüzkar siyasətinə qarşı həmrəyliyin göstərməsinin vacibliyini vurğulamışdır.
Səfir Suriyada yaşayan soydaşlarımıza Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılmasında və bu istiqamətdə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasında daha fəal iştirak etməyə çağırmışdır.
Digər çıxış edənlər də Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşmüşlər.
Mərasimdə Xocalı faciəsini əks etdirən fotosərgi və soyqırımı haqqında sənədli film nümayiş olunmuşdur. Bundan əlavə, Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materiallar mərasim iştirakçılarına paylanılmışdır.
Səfirlik tərəfindən Xocalı soyqırımı barədə ərəb və ingilis dillərində hazırlanmış məlumatlar Suriyanın Xarici İşlər Nazirliyinə, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinə, KİV-lərə göndərilmişdir.