“Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır” - elmi seminar
Bakı, 20 aprel, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu A.A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminar keçirib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, seminarı Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev açaraq Şuşanın tarixi, mədəniyyəti, eləcə də I və II Qarabağ müharibələri haqqında məlumat verib.
Sonra tarix elmləri doktoru Mais Əhmədov və tarix üzrə fəlsəfə doktoru Nigar Axundova məruzə ilə çıxış ediblər.
Tədbirdə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov Qarabağ ərazisində aparılan tədqiqatlar barədə məlumat verib. Alim, həmçinin İsveçrə, Polşa, Koreya və Azərbaycan arxeoloqlarından ibarət beynəlxalq qrupun Füzuli rayonu ərazisində yerləşən “Yeddi təpə” kurqanında gördüyü işlərdən danışıb. Tədqiqatçı bildirib ki, ərazidə 20-dən çox belə kurqan var.
Daha sonra professor Arif Məmmədov Qarabağ ərazisində aparılan monitorinqlər barədə açıqlama verib.
Seminarda dosent Akif Quliyev “Məhkəmə arxeologiyası və antropologiyası” adlı beynəlxalq konfransa hazırlıq və aparılan treninqlərin nəticələri haqqında danışıb. O bildirib ki, Qarabağ müharibəsi nəticəsində ümumilikdə 4000-dən artıq itkin düşmüş vətəndaşımız var. Onların qalıqlarını aşkar edərək ailələrinə təhvil vermək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə birlikdə Daşaltıda, Şuşa həbsxanası ətrafında təlimlər aparılıb. Bu işlər Xocavəndin Edilli kəndində 35-40 nəfər dinc sakin və əsgər skeletlərinin tapıldığı kütləvi məzarlığın aşkarlandığı vaxtdan başlanılıb.
Tədbirdə arxeoloq alimlər Əsədulla Cəfərov və Təvəkkül Əliyev tədqiq etdikləri abidələr haqqında məlumat veriblər.