Şuşada ilk istehsal müəssisəsi fəaliyyətə başlayıb
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb. Müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlayan ilk sahibkarlıq subyektidir.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Azcake” MMC-yə məxsus istehsal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün MMC-yə dövlət dəstəyi göstərilib. Müəssisədə avadanlıqların quraşdırılması “Sumqayıt-Çörək” ASC tərəfindən həyata keçirilib.
Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 10-dək işçi çalışır. Tələbatın atracadığı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzədə tutulur.
Hazırda istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.