REGİONLAR
Suya tələbatın artması su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirib
![](/files/galleryphoto/2023/1/1200x630/16806962292744259352_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16806962291528040877_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16806962293825527084_1200x630.jpg)
Balakən, 5 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Kənd təsərrüfatının inkişafı, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində ölkəmizdə suya olan tələbat ildən-ilə artır. Ona görə də əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilməlidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyətində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı keçirilən müşavirədə bəhs olunub.
Aidiyyəti dövlət qurumlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevin 2020-ci il iyulun 27-də “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzaladığını diqqətə çatdırıb, ötən müddətdə Sərəncamın icrası ilə bağlı rayonda görülən işlər barədə danışıb. Qeyd olunub ki, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması Balakən rayonunda da su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirib. Diqqətə çatdırılıb ki, rayon ərazisində torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə xüsusi qərargah yaradılıb.
Müşavirədə qərargahın üzvlərinə hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması, mütəmadi olaraq monitorinqlərin keçirilməsi, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlilik prinsipləri əsasında verilməsi məsələsinin gündəlik ciddi nəzarətdə saxlanılması, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.