Tamer Karadağ : Bu seçkilər Azərbaycan parlamentinə yeni fikirli insanların gəlməsinə şərait yaradır
Bakı, 5 fevral, AZƏRTAC
Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da parlament seçkiləri ilə bağlı proseslər qanunauyğun şəkildə aparılır. Parlament seçkilərinin keçirilməsi ölkənin qanunverici orqanına yeni fikirli insanların gəlməsinə şərait yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Mədəniyyət Evi və Həmrəyliyi Dərnəyinin sədri Tamer Karadağ bildirib.
O, parlamentin yenilənməsinin Azərbaycanın daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib. Azərbaycanın güclənməsinin Türkiyənin də güclənməsi demək olduğunu vurğulayan Tamer Karadağ bildirib: “Qardaş ölkələrimiz regionda mühüm siyasi və iqtisadi layihələrin reallaşmasında mühüm addımlar atıblar. Azərbaycan və Türkiyənin ortaq gücü regiona böyük iqtisadi və siyasi dividendlər qazandırır”.
Dərnək rəhbəri əlavə edib ki, media və sosial şəbəkələr vasitəsilə aparılan müşahidələr parlament seçkilərində iştirak edən gənclərin sayının daha çox olduğunu göstərir. Onun sözlərinə görə, gənc nəslin seçkilərdə fəal iştirakı Azərbaycanda aparılan islahatların, gənclər siyasətinin uğurlu nəticəsidir.
Ölkəmizdə keçirilən parlament seçkilərinə beynəlxalq aləmdə də böyük maraq olduğunu deyən T.Karadağ qeyd edib ki, seçkiləri izləmək üçün gələn müxtəlif dövlətlərin və təşkilatların nümayəndələri təkcə seçki prosesini deyil, eyni zamanda, Azərbaycanda gedən islahatları izləmək imkanı qazanırlar.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar Azərbaycanı inkişafa doğru dəyişir.