Tanınmışlar Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər
Bakı, 11 dekabr, AZƏRTAC
Türkiyə və Azərbaycanın tanınmış aktyorları, bloger və keçmiş futbolçuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar dövlət himayəsində yaşayan uşaqlarla görüşüb, müəssisənin şəraiti ilə yaxından tanış olublar.
Uşaqlar hazırladıqları müxtəlif ədəbi-bədii kompozisiyaları nümayiş etdiriblər. Rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.Görüş zamanı uşaqlar və qonaqlar arasında əyləncəli futbol oyunu da keçirilib, həmçinin qonaqlar uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.
Görüş səmimi anlar, maraqlı söhbətlər və xoş təəssüratlarla yadda qalıb.