Taqanroqda 416-cı Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olacaqdır
Bakı, 7 may (AZƏRTAC). Mayın 9-da Taqanroqda bu şəhərin faşistlərdən azad edilməsində qəhrəmanlıqla həlak olmuş döyüşçülərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılışı olacaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, açılış mərasimində Komitənin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Kazakları icmasının, Respublika Veteranlar Şurasının nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, ictimai xadimlər, Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri və KİV nümayəndələri iştirak edəcəklər.
Rusiya tərəfindən tədbirdə Rostov vilayətinin qubernatoru Vasili Qolubev, Rostov vilayətinin şəhər və rayonlarının nümayəndə heyətləri, Böyük Vətən müharibəsi veteranları, Taqanroq hərbi qarnizonunun hissələri iştirak edəcəklər.
Abidənin açılışı və Böyük Vətən müharibəsində qələbənin 67-ci ildönümü münasibətilə memorial kompleksin önündə mitinq keçiriləcəkdir. Mitinq başa çatdıqdan sonra təntənəli hərbi parad keçiriləcəkdir.
Tədbir abidə önünə əklillərin qoyulma mərasimi ilə başa çatacaqdır.
Qeyd edək ki, Taqanroqdakı abidə kompleksi 1980-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə açılmışdır.