TARİX FOTOŞƏKİLLƏRDƏ
AZƏRTAC xəbər verir ki, sərgi Rusiyanın ölkəmizdəki səfirliyi, Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzi (Roszarubejsentr) və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təşkil olunur.
Ekspozisiyaya Rusiya qanunverici orqanının yaranması, inkişafının müxtəlif mərhələləri və bu günündən bəhs edən 50-yə yaxın fotoşəkil, 20 plakat və illüstrasiya daxildir. Roszarubejsentrin Azərbaycandakı nümayəndəsi İqor Jukov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, tariximizi öyrənərkən biz cari prosesləri daha aydın dərk edir, qanunauyğunluqları aşkara çıxarır, səhvləri təkrarlamaqdan çəkinirik. Bu fikir Azərbaycanda keçirilən Rusiya İli çərçivəsində təşkil olunmuş sərginin leytmotividir. Sərgiyə gələnlər 1906-cı ildə yaradılmış və ölkənin dövlətçiliyinin yenidən qurulması kimi mürəkkəb prosesin başlanğıcını qoyan ilk Dövlət Dumasının iclaslarından tutmuş Rusiya Federasiyası müstəqillik əldə etdikdən sonra qanun yaradıcılığı ilə fəal məşğul olan hazırkı Federal Məclisədək Rusiya parlamentarizminin müxtəlif hadisələrlə zəngin əsrlik tarixi ilə tanış olacaqlar.
Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədovun başçılığı ilə rəssamlar qrupunun ekspozisiyanın hazırlanmasında böyük əməyini xüsusi vurğulayan İ. Jukov demişdir ki, sərginin açılışı münasibətilə buraxılan original kataloqun müəllifi də odur.