Tarix Muzeyində “Molla Nəsrəddin” jurnalının nüsxələri qorunur
Bakı, 24 iyun, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir kitablar fondunda “Molla Nəsrəddin” jurnalının müxtəlif orijinal nüsxələri saxlanılır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, satirik jurnal müəyyən fasilələrlə 25 il ərzində Tiflisdə, Təbrizdə və Bakıda dərc olunub. Tiflisdə 1906-1918-ci illərdə, Təbrizdə 1921-ci ildə, Bakıda 1922-1931-ci illərdə çıxıb. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində nəşr olunub. Onun redaktoru, görkəmli yazıçı və publisist Cəlil Məmmədquluzadə yazırdı ki, “Molla Nəsrəddin” jurnalını zəmanə özü yaratdı.