Tarix Muzeyinə Vətən müharibəsi şəhidi Babək Səmidliyə məxsus əşyalar təhvil verilib
Bakı, 19 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi, Vətən müharibəsinin şəhidi polkovnik Babək Səmidlinin şəxsi əşyaları təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Babək Səmidli 1974-cü ildə Göyçay şəhərində anadan olub. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyin və Murov yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub.
Daima ön xətdə şəxsi heyətlə bərabər döyüşə qatılan polkovnik dəfələrlə həyatını təhlükəyə atıb. 30-dan çox yaralını döyüş meydanından çıxararaq həyatını xilas edib. 2020-ci il noyabrın 23-də şəhidlərimizin nəşini almaq üçün danışıqlar apararkən,
Suqovuşanda minaya düşərək şəhid olub. Şəhid Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.