Tarix Muzeyinin əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
Bakı, 15 aprel, AZƏRTAC
Özbəkistan Respublikası Elmlər Akademiyası Özbəkistan Dövlət Tarix Muzeyinin təşkilatçılığı ilə “Müasir dövrdə muzeyşünaslığın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq konfransda çıxış ediblər.
Bu barədə AZƏRTAC-a Tarix Muzeyindən məlumat verilib. Bildirilib ki, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzey haqqında, onun fondları, laboratoriyası, kitabxanası və gələcək fəaliyyəti barədə geniş çıxış edib. Həmçinin muzey materialları əsasında hazırlanan kitablar, jurnallar və kataloqların tədqiqatçılar üçün əhəmiyyətindən danışıb.
Akademik N.Vəlixanlı bu kimi konfransların ölkələrin gələcəkdə həm elmi, həm də muzey fəaliyyətinin müzakirəsində, muzey əlaqələrinin genişləndirilməsində uğurlu olacağını xüsusi vurğulayıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Sonra muzeyin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru, dosent Nərgiz Əliyeva “Muzey tarixin ən mühüm məqamlarını əks etdirən vasitə kimi” mövzusunda məruzə ilə çıxış edib. N.Əliyeva qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyində tədqiqatlar nəticəsində əldə edilmiş və Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair mənbələrə əsaslanan arxeoloji, etnoqrafik, numizmatik, sənədli materiallar və maddi mədəniyyət nümunələri nümayiş olunur. Muzeydə tədqiqat xarakterli mövzular müəyyənləşdirilərkən Azərbaycanın qədim və orta əsrlər tarixinin bütün aspektləri nəzərə alınır. Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişaf tarixinə, maddi və mənəvi mədəniyyətin davamlılığına, təkmilləşdirilməsinə və yenilənməsinə üstünlük verilir. Həmçinin muzeydə yeni yaradılan Vətən müharibəsi fondu və fondda mühafizə olunan II Qarabağ müharibəsi şəhidləri və qazilərinin şəxsi əşyaları barədə məlumat verən N.Əliyeva vurğulayıb ki, hazırda ekspozisiyanın yenidən qurulması ilə paralel olaraq “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi də hazırlanır. Bu, muzeydə son illərdə müharibəyə həsr olunmuş üçüncü sərgidir.
Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Teymurilər imperiyasının sikkələri”, Elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Ləman Musayeva “Pandemiya dövründə Milli Azərbaycan Tarixi Muzeyinin virtual layihələrinin nailiyyətləri” mövzusunda məruzə ilə çıxış ediblər.
“Zoom” platforması üzərindən təşkil olunan konfransda Özbəkistan, Azərbaycan, Türkiyə, Koreya, Yaponiya, Qırğızıstan və Qazaxıstanın muzey nümayəndələri iştirak ediblər.