Tarixin heç vaxt bağışlamayacağı bəşəri cinayətin təşkilatçıları layiqli cəzalarını almalıdırlar
Sədərək, 24 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatında Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə foyedə Xocalı soyqırımını əks etdirən çoxsaylı kitablar və fotostendlərə baxış olmuşdur.
Tədbirdə YAP Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov çıxış edərək demişdir ki, Xocalı soyqırımını törətməklə erməni millətçiləri xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq kimi çirkin niyyətlər güdürdülər. Azərbaycan xalqına qarşı misli görünməmiş kütləvi və amansız qırğın aktı ermənilərin Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf götürmüş məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, insanlığa qarşı yönəlmiş irimiqyaslı cinayət idi.
Lakin hiyləgər və məkrli düşmən bu amansız cinayətlə istəyinə nail ola bilmədi. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. O zaman dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq hadisənin miqyasını kiçiltməyə çalışmış, itkilər barədə ictimaiyyətə yalan məlumat vermişdir. Yayılmış rəsmi məlumatlarda Xocalıda guya iki nəfərin öldüyü iddia edilmiş, soyqırımı faktı gizlədilməklə, xalqa xəyanət yolu tutulmuşdur. Faciənin beynəlxalq ictimaiyyət tərəfindən hələ də düzgün və layiqli qiymətini almaması da məhz vaxtında lazımi tədbirlərin görülməməsi, eləcə də təbliğatın düzgün qurulmaması ilə bağlı olmuşdur.
Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilmişdir.
Son 19 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, soyqırımı faktı müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ardıcıl tədbirlər həyata keçirilir.
Mərasimdə Yeni Azərbaycan Partiyasının üzvləri Vəfa Həsənova, Nəriman Seyidov, Vüsalə Əliyeva soyqırımı ilə bağlı xalqımızın başına gətirilmiş müsibətlərdən danışmış, dəhşətli faciənin yaddaşlardan heç vaxt silinməyəcəyini bildirmişlər. Çıxış edənlər demişlər ki, tarixin heç vaxt bağışlamayacağı bəşəri cinayətin təşkilatçıları layiqli cəzalarını almalıdırlar.
Sonra faciə qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər səsləndirilmiş, ədəbi-bədii kompozisiya göstərilmişdir.