TBİLİSİDƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ QEYD OLUNMUŞDUR
Səfir toplaşanlara Azərbaycan Respublikasının müstəqillik yolu barədə ətraflı məlumat vermiş, dövlətçiliyimizin memarı, ulu öndərimiz Heydər Əliyevin müstəqilliyimizin əbədi və dönməzliyi uğrunda əvəzsiz xidmətlərindən , ölkənin uğurlu inkişafından, beynəlxalq nüfuzunun artmasından, Prezident İlham Əliyevin ümummilli liderimizin kursunu ləyaqətlə davam etdirməsindən danışmışdır. Mehriban qonşuluq tarixinə əsaslanan Azərbaycan Gürcüstan münasibətlərini xüsusi qeyd edən səfir bu respublikaların regional və beynəlxalq inkişaf üçün qlobal əhəmiyyət kəsb edən BTC, BTƏ, “İpək yolu”, Bakı-Axalkalaki-Qars və digər layihələrin reallaşması istiqamətində uğurlu əməkdaşlıq etdiyini vurğulamışdır. Diplomat demişdir ki, ötən həftə Gürcüstanın Qardabani rayonunda Gürcüstan, Türkiyə və Azərbaycanın dövlət başçılarının iştirakı ilə BTC boru kəmərinin Gürcüstan hissəsinin təntənəli açılış mərasimi bizim müasir və gələcək dövrlərdə maraqlarımızın üst-üstə düşməsinin növbəti təzahürü olmuşdur. Bu gün birgə səylərimiz nəticəsində ölkələrimiz əməkdaşlıq üçün tükənməz potensial olan Şərq-Qərb nəqliyyat dəhlizinin dəyişilməz tərkib hissəsinə çevrilmişdir. Hazırda Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq xalqlarımızın dərin tarixi olan qardaşlıq və dostluğunun məntiqi davamıdır. Ölkə başçılarımızın şəxsi münasibətləri bu əlaqələri daha da gücləndirir.
Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Gela Bejuaşvili, münaqişlərin tənzimlənməsi məsələləri üzrə Dövlət naziri Georgi Xaindrava, ədliyyə naziri Konstantin Kemulariya, parlamentin deputatları, ictimaiyyətin nümayəndələri qəbulda iştirak etmişlər.