TBİLİSİDƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ QEYD OLUNMUŞDUR
Səfir toplaşanlara Azərbaycan Respublikasının müstəqillik yolu barədə ətraflı məlumat vermiş, dövlətçiliyimizin memarı, ulu öndərimiz Heydər Əliyevin müstəqilliyimizin əbədi və dönməzliyi üçün göstərdiyi əvəzsiz xidmətlərindən, ölkəmizin uğurlu inkişafından, beynəlxalq nüfuzunun artmasından, Prezident İlham Əliyevin ümummilli liderimizin siyasi xəttini layiqincə davam etdirməsindən danışmışdır.
Mehriban qonşuluq təməli üzərində qoyulan Azərbaycan-Gürcüstan münasibətlərini xüsusi qeyd edən səfir ölkələrimizin regional və beynəlxalq inkişaf üçün qlobal əhəmiyyətə malik BTC, BTƏ, “İpək yolu”, Bakı-Axalkalaki-Qars və digər layihələrin reallaşması istiqamətində uğurlu əməkdaşlıq etdiyini vurğulamışdır. Diplomat demişdir ki, ötən həftə Gürcüstanın Qardabani rayonunda Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə BTC boru kəmərinin Gürcüstan hissəsinin təntənəli açılış mərasimi bizim müasir və gələcək dövrlərdə maraqlarımızın üst-üstə düşməsinin növbəti təzahürü olmuşdur. Bu gün birgə səylərimiz nəticəsində ölkələrimiz əməkdaşlıq üçün tükənməz potensial olan Şərq-Qərb nəqliyyat dəhlizinin dəyişilməz tərkib hissəsinə çevrilmişdir. Hazırda Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq xalqlarımızın dərin tarixi olan qardaşlıq və dostluğunun məntiqi davamıdır. Ölkələrimizin başçılarının şəxsi münasibətləri bu əlaqələri daha da gücləndirir.
Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Gela Bejuaşvili, münaqişələrin tənzimlənməsi məsələləri üzrə dövlət naziri Georgi Xaindrava, ədliyyə naziri Konstantin Kemulariya, parlamentin deputatları, ictimaiyyətin nümayəndələri qəbulda iştirak etmişlər.