TBİLİSİDƏ “HEYDƏR ƏLİYEV VƏ GÜRCÜSTAN” FOTOSƏRGİSİ TƏŞKİL OLUNMUŞDUR
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev tədbirə toplaşanları hər bir azərbaycanlı üçün əziz olan bu gündə salamlamış, Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışmışdır. Səfir ümummilli liderin Azərbaycanın və xalqımızın taleyindəki əvəzsiz rolunu, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlığa çevrilməsində, bütövlükdə bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyinin təmin olunmasında göstərdiyi misilsiz siyasi iradəni vurğulamış, ölkələrimiz arasında münasibətlərin hazırda daha da genişləndiyini bildirmişdir.
Gürcüstan parlamenti sədrinin müavini Mixail Maçavariani Heydər Əliyevin Gürcüstan-Azərbaycan münasibətlərinin yeni müstəviyə qaldırılmasında, bu iki qardaş xalqın daha da yaxınlaşmasında oynadığı rolu vurğulamışdır. O demişdir ki, Heydər Əliyev hər iki ölkənin münaqişələrlə üzləşdiyi ağır bir vaxtda Azərbaycanın enerji daşıyıcılarının xaricə məhz Gürcüstan ərazisi vasitəsilə nəql olunmasına dair cəsarətli qərar qəbul etmişdir. Bu, heç də asanlıqla başa gəlməmişdir, çünki Heydər Əliyev belə qərar qəbul edərkən həyatını təhlükə qarşısında qoymuşdur. Gürcü xalqı bu qərara görə Heydər Əliyevə daim minnətdar olacaqdır. Maçavariani prezidentlər İlham Əliyevin və Mixail Saakaşvilinin dostluğunun ölkələrimiz arasında iqtisadi, siyasi əlaqələrin daha genişlənməsinə şərait yaratdığını bildirmişdir.
Sonra “Ömür və tale, yaxud prezidentin qeyri-rəsmi portreti” sənədli filmi nümayiş etdirilmişdir.