TBİLİSİDƏ PARLAMENT SƏDRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Oktyabrın 12-də Tbilisidə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun, Azərbaycan Milli Məclisinin sədri Murtuz Ələsgərovun, Gürcüstan və Ermənistan parlamentlərinin sədrləri Nino Burcanadzenin və Armen Xaçaturyanın iştirakı ilə “Qafqaz dördlüyü”nün görüşü keçirilmişdir.
Bağlı qapı arxasında keçirilən görüşdən sonra parlament sədrləri jurnalistlərə bildirdilər ki, onlar Qafqazdakı ictimai-siyasi vəziyyəti, regiondakı münaqişələrin həlli yollarıını, dövlətlərarası münasibətlərin itnkişafına mane olan halların aradan qaldırılması vasitələrini, Şimali və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələsini və s. məsələləri müzakirə etdilər. Görüş iştirakçıları bu tədbirin Qafqaz regionu üçün əhəmiyyətli olduğunu vurğuladılar.
Elə həmin gün Gürcüstan Prezidenti Eduard Şevardnadze “Qafqaz dördlüyü” görüşünün iştirakçılarını qəbul etdi. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, cənab Şevardnadze bu görüşün vacibliyindən və əhəmiyyətindən danışaraq, ona müəyyən ümid bəslədiyini vurğulamış və əmin olduğunu bildirmişdir ki, o, bütün Qafqaz regionundakı milli münaqişələrin dincliklə nizama salınmasına, əmin-amanlığın bərqərar edilməsinə, Qafqaz xalqlarının yenidən mehriban qonşuluq şəraitində yaşamasına öz töhfəsini verəcəkdir. Gürcüstan dövlətinin başçısı bu görüşün ənənə halını almasını və dörd ölkənin paytaxtında növbə ilə keçirilməsini arzulamışdır.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi