Tbilisidə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib
Tbilisi, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycan Milli Musiqi Günü və dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəylinin şah əsəri – Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra mərkəzin sədri Leyla Əmrəhova dahi bəstəkarın həyat yolundan, zəngin yaradıcılığı və elmi irsindən danışıb, onun milli musiqimizin inkişafında mühüm xidmətlərindən bəhs edib.
Bildirib ki, Üzeyir Hacıbəyli XX əsrin publisisti, opera sənətinin banisi, ədib və lüğətçi kimi tanınmışdır.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Samir Əbdürəhimov çıxış edərək soydaşlarımızı Milli Musiqi Günü münasibətilə təbrik edib. Diplomat qeyd edib ki, 2025-ci il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanmışdır. Yubileyinin yüksək səviyyədə keçirilməsi qərarı Üzeyir Hacıbəyli irsinin dəyərləndirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində atılmış mühüm bir addımdır. Samir Əbdürəhimov milli müsiqimizin xalqımızı bir araya gətirən, birləşdirən, ruhumuzu oxşayan bir amil olduğunu diqqətə çatdırıb.
Sonra tədbir musiqili proqramla davam edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi